Yunanıstan hökuməti DESFA-nın TAP-a qoşulmasının detallarını açıqladı

Yunanıstan hökuməti DESFA-nın TAP-a qoşulmasının detallarını açıqladı

İtaliyanın “Snam A.G.” şirkətinin 66% paya sahib olduğu Yunanıstanın qazpaylayıcı şəbəkəsinin dövlət operatoru olan DESFA ölkənin Şimalındakı Aleksandropolis LNG terminalına beşinci səhmdar olaraq daxil olmaq istəyir.

Bu barədə Yunanıstanın Ətraf Mühit və Energetika naziri Costis Hatzidakis Cənub-Şərqi Energetika forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, səhmdar müqaviləsi ilə bağlı razılıq bir neçə günə əldə edilməsi gözlənilir: “Layihəyə maraq 15 il müddətinə 12 treyder tərəfindən ötürüləcək qazın əvvəlcədən rezervləşdirilməsi ilə bağlıdır və onun tam işə salınması 2022-ci ilin sonuna və ya 2023-cü ilin əvvəlində nəzərdə tutulur”.

Qeyd edək ki, “Snam” TAP-da 20%-lik paya malikdir.

Xatırladaq ki, DESFA-dakı mənbə “Reuters”ə bildirmişdi ki,  DESFA Aleksandropolis LNG layihəsinin 20%-lik hissəyə sahib olmaq niyyətindədir.  Mənbənin sözlərinə görə, üzən terminal Avropa Komissiyasının ümumi maraqlar layihəsinə uyğun gəlir və onun illik həcmi 6 mlrd kubmetr, dəyəri isə 380 mln avro və ya yaxud 448 mln ABŞ dolları təşkil edəcək. Yunan suları Türkiyə sərhədlərinə yaxındır və bu, ərazidə olan başqa boru kəmərləri sistemlərindən qidalanmağa şərait yaradacaq. Həmçinin buraya Trans-Adriatik Boru Kəməri (TAP) da daxildir.

Qeyd edək ki, Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans-Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq. 2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Onun təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilib. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır/Report.