Qarğanın dirijorluğunda gözü kor, qulağı kar “həqiqət carçıları” - ONLAR KİMDİR?

Qarğanın dirijorluğunda gözü kor, qulağı kar “həqiqət carçıları” - ONLAR KİMDİR?

Haqqın bir üzü var, heç vaxt ləkə götürməz. Amma bəzi dil pəhləvanları öz ağalarına sədaqətli olmaq üçün yalan-palan danışdıqlarını, öz cəfəngiyyatlarını cəmiyyətə sırımaqdan utanmırlar. Son vaxtlar Azərbaycan Ordusuna, onun rəhbərliyinə şər-böhtan kampaniyasında iştirak edənlərin sıraları bir qədər genişlənib. Təəccüblü görünən odur ki, bu boşboğazlar vaxtilə orduda xidmət edən və indi də kifayət qədər yüksək hərbi təqaüdlə dolanan ehtiyatda, istefada olan zabitlərdir. Bu nankorların isə müəyyən vaxtlarda  hansı əməl sahibi olduqları  onları tanıyanlara yaxşı məlumdur.

İsa Sadıqov, Ağa Fəttahov, Rövşən Məhərrəmov, Qəhrəman Məsimzadə, Qabil Məmmədov kimi sabiq hərbçilərin sosial şəbəkələrdə eyni vaxtda fəallaşmasının və təxminən eyni mövzuda müzakirələr açmasının bir səbəbi var: onlar bir nəfər kimsənin tapşırıqlarını icra edirlər. O bir nəfər isə müstəqil dövlətçiliyimizin, eləcə də ordumuzun inkişafını, uğurlarını gözü götürməyən irticaçı qüvvədir. 

Çox maraqlıdır, bu söz pəhləvanları öz çirkin keçmişlərini, yol verdikləri nöqsanları ört-basdır edib indi də ordunu müzakirə obyektinə çıxarıblar. Ordu rəhbərliyini müzakirə edirlər, utanmadan generallarımızı ləkələməyə çalışırlar. Daha utanmırlar ki, bu qədər haqsız danışmaq olmaz axı. Görün son illər ərzində dövlət rəhbərliyinin qayğısı və diqqəti sayəsində Azərbaycan Silahlı Qüvvələrində nə qədər işlər görülüb? 

Ölkəmizin elə bir ucqar bölgəsi yoxdur ki, orada hərbi şəhərciklər, əsgər və zabitlərimiz üçün müasir yaşayış kompleksləri yaradılmasın. Minlərlə hərbi qulluqçu xidməti və daimi mənzillərlə təmin edilib. Elə bir hərbi hissə tapılmaz ki, orada abadlıq işləri görülməsin. Əlbəttə, bu görülən işlər ölkə başçısının, Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilir. Xalqın və dövlətin dəstəyi olmadan bu qədər genişmiqyaslı işləri həyata keçirmək qeyri-mümkündür.

Ey “həqiqət carçıları”, siz ki guya haqq-ədalətdən danışmaq istəyirsiniz, bəs niyə qısa vaxtda ordu quruculuğunda qazanılan uğurlardan, görülən işlərdən, aparılan önəmli islahatlardan danışmırsınız? Niyə demirsiniz ki, bir vaxtlar əsgərlərin yuyunmağa, geyinməyə şəraiti, yeməyi keyfiyyətli qidası, abad yatacağı yox idi? Deyəsən həqiqəti görməyə gözünüz, deməyə diliniz yoxdur.

Nadir
365oxu.com