Ordunu gözdən salmağa cəhd edən dönüklər

Ordunu gözdən salmağa cəhd edən dönüklər

Hər dəfə də bir faktı müşahidə edirik. Ermənilərin informasiya təxribatları həmişə ordumuza qarşı daxildən qaralama kampaniyaları ilə sinxron başlayır, hədəfə görə eyni mərkəzdən idarə olunur. Amma ordunu gözdən salmağa cəhd edən dönüklər başa düşməlidirlər ki, bu gün xalqımızı çaşdıra, yolundan azdıra bilməzlər. 

Cənablar, bu ordu bizimdir və onun nüfuzu ilə bağlı hər birimiz son dərəcə diqqətli və ehtiyatlı olmalıyıq. Sanki son illər orduya çağırışda, hərbçilərin xidmət-məişət, mənəvi-psixoloji durumda, əsgərlərin qida, geyim və s. təminatında və tibb xidmətində, bölmələrin döyüş hazırlığının və peşəkarlığının artmasında, yenidən silahlanmada və s. inkişafı, ordumuzun 2016-cı il aprel, 2018-ci il Naxçıvan və digər uğurları olmayıb. Sanki bu qədər çoxşaxəli və miqyaslı işlər Ali Baş Komandanın və Müdafiə Nazirliyi rəhbərliyinin iradəsindən kənar, öz-özünə olub. Əlbəttə, çatışmazlıqlar həmişə olacaq. İş olan yerdə nöqsanlar da olur. Vaciblisi odur ki, bu çatışmazlıqlar aradan qaldırılır. Müdafiə Nazirliyinin rəhbərliyi ordunun inkişafı istiqamətində əzmkarlıq göstərir, sistematik işlər aparır. 

Ordu rəhbərliyinə böhtan və şər atmaqla, onu gözdən salmaqla, xalqın orduya etimadını sarsıtmaq, xalq-ordu birliyini zəiflətmək məqsədilə aparılan təbliğat səmimi ürək yandırmaqdan fərqlidir. 

Çox təəssüf ki, neçə il xidmət etmiş, yüksək rütbə daşımış Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki - Qəhrəman Mənsimzadə fikirlərinə, sözlərinə diqqət yetirmir, ittihamlarının hansı nəticə verəcəyini “hesablamağı bacarmır”, ya da ki, bilərəkdən, qəsdən belə edir. 

Problemlərin qanun çərçivəsində həll edilməsinə çalışmaqdansa onlar iftira dolu  çıxışlar edərək çox yanlış yol tutublar. Onlar anlamırlar ki, bu cür bəyanatlar heç də Azərbaycana müsbət imic gətirmir və düşmənin əlində silaha çevrilir. Cənab zabitlər, siz axı bunu özünüzə necə sığışdırırsız, necə rəva bilirsiz?! Ayılın, özünüzə bir hesabat verin! Bu cür hərəkətlər yolverilməzdir. Zabit istənilən məsələni dövlətin qanunları çərçivəsində, ölkənin imicinə xələl gətirmədən həll etməlidir. Əgər sizin əlinizdə doğrudan da təsdiqləyəci material varsa buyurun müvafiq orqanlara müraciət edin. Hər kəs qanun qarşısında etdiyi hərəkətə görə cavabdehlik daşımalıdır və daşıyır.

Kamran Əsədullayev,
istefada olan zabit