Müəmmalı “vətəndaş” müraciəti və ya zavallı "qəhrəman"

Müəmmalı “vətəndaş” müraciəti və ya zavallı

Son günlər sosial şəbəkələrdə keçmiş hərbi qulluqçu Qəhrəman Mənsimzadə tərəfindən təkrarən yayılan müraciət müxtəlif müzakirələrə səbəb olub. Əvvəla qeyd edək ki, Azərbaycan Ordusunda videoda sadalanan ittihamları əks etdirən hər hansı sübuta, fakta rast gəlmək mümkün deyil.

Hər bir adam xarici və daxili qıcıqlara qarşı sadəcə cavab verməklə kifayətlənməyib bilik və təcrübəsi əsasında onlarda dünya və insani münasibətlər haqqında özünəməxsus təsəvvür formalaşdırmağa, anlayışlar sistemi yaratmağa çalışır və onlar hadisələri özünəməxsus formada şərh edir, yozur, fikir mülahizə, fərziyyə irəli sürür, xalq arasında deyildiyi kimi “hər şeyi öz arşını ilə ölçür”.

Müraciətindən göründüyü kimi süjetin “baş qəhrəmanı” Mənsimzadənin neçə il xidmət etdiyi quruma bir andaca zidd qütbdə dayanması əsaslı şübhələr oyadır. Həmin “baş qəhrəmanın” məramının hazır yazılmış mətni diktor kimi sözbəsöz oxuması və utanclıq hissindən başını belə qaldıra bilməməsi onun hansısa qüvvələri təmsil etməsinin aydın sezilməsinə rəvac verir. Kiçicik araşdırma aparmaqla məsələnin mahiyyətini aydınlaşdırmaq olur ki, o şəxsi mənafeyi üçün hər yola gedən zavallıdan başqa nəyisə ifadə etmir.

İnsanlara təsir etmək, cəmiyyətin diqqətini özünə çəkmək üçün “Vətəndaş” müraciəti adı altında hərbi mundir geyərək, təmsil etdiyi quruma olmazın iftiralar atan  bu “baş qəhrəmanın” şəxsi maraqlarını önə çəkməsi aydın müşahidə olunur.

M.F.Axundzadə yazırdı ki, pis və yaramaz əməlləri insan təbiətindən tənqid, istehza və məsxərədən başqa heç bir vasitə ilə yox etmək olmaz. Məncə bu tip insanlara təsir vasitəsi yalnız məsxərədir.

 “Baş qəhrəman”nın illərlə maskalanaraq əsl simasını gizlətməyə müvəffəq olması, min cür fırıldaq işlədərək qara guruhçu, mahiyyətdən xəbərsiz,  fitə gedən sadəlövh insanları aldatmağa çalışması düşünürəm araşdırılmalıdır.

Özünü demokrat kimi göstərib, dövlətə və dövlətçiliyə əks-mövqedə dayanan, əqidəsizlik təfəkkürü ilə düşünən və hərəkət edən maskalanmış “baş qəhrəman” çıxışı təəssüf ki, qətiyyən inandırıcı təsir bağışlaya bilməzdi və bağışlamadı da.

Bu tip insanları, yəni  hər uğurun arxasında bir əmma axtaranları hardasa başa düşmək asandır. Ağalarının verdiyi əmrləri yerinə yetirməli, yallandıqları qapılara sədaqətlərini ortaya qoymalıdırlar.

Düşünürəm hər hansı dəlil olmadan strateji quruma qarşı "xüsusi video" hazırlayan  "vətənpərvər" zabitimizin fəaliyyəti araşdırılmalı, barəsində ciddi ölçü götürülməlidir.


Əlövsət Qəmbərov, 
ehtiyatda olan zabit