Əli Həsənov Abu-Dabiyə getmək istəyir:"Bəlli zamanı gözləyirəm"

Əli Həsənov Abu-Dabiyə getmək istəyir:

Türkiyədə müalicə olunan Prezidentin sabiq köməkçisi Əli Həsənov haqqındakı xəbərlərə reaksiya verib.

Mia.az xəbər verir ki, o, son zamanlar sağlamlığında yaranmış bəzi problemlərdən daha çox, haqqında yayılan xəbərlərdən narahat olduğunu gizlətməyib.

Əlavə edib ki, haqqındakı xəbərlər yalandır:

"Demək olar ki, içi mən qarışıq ölkə içtimaiyyətinin yaxşı tanıdığı, dövlət idarəçilik sistemində uzun müddət xidmət göstərmiş, hazırda isə bu və ya digər səbəblər üzündən vəzifəsini tərk etmiş insanlar haqqında hər gün hansısa qondarma “məlumat” yayaraq saxta gündəm yaratmağa çalışırlar. Yalan və böhtanın həddi-hüdudu yoxdur. Mənimlə bağlı demək olar ki, hər gün nəsə uydurub şəklimi də əlavə etməklə yayırlar və insanları çaşdırmağa çalışırlar. Bilmirəm, əgər onların çörəyi bu yalan makinasından çıxırsa, ailə-uşaqlarını göz önünə gətirərək, bunu da anlamağa çalışaram. Amma bir məsələ var ki, bunlar ölkə içtimaiyyətinin doğrunu bilmək haqqını tapdalayırlar. Nə qədər bunların yalanlarını təkzib etmək olar?

Bir aya yaxımdır ki, mənimlə bağlı yaydıqları yalan və böhtanları beş dəfə təkzib etmişəm. Amma bunların “sehirli fantaziyaları” bitmək bilmir ki, bilmir! İndi də mənim şəxsi həyatımla bağlı öz çirkin yalanlarını tirajlamaqla özlərinə çörək qazanırlar. Yazırlar ki, mən Türkiyəyə müalicəyə deyil, dövlətimdən qaçaraq, guya siyasi sığınacaq almağa gəlmişəm, heç bir xəstəxanada filan olmamışam və s.

Açığı deyim ki, mən yalnız şəxsimə aid olan sağlamlıq vəziyyətim haqqında kiməsə geniş məlumat və hesabat vermək fikrində deyiləm. Sadəcə bunların yalan makinası olduğunu və içtimaiyyəti davamlı olaraq aldatdığını sübut etmək üçün sonuncu yalanlarını təkzib edən bəzi sənədlərin başlığını diqqətinizə təqdim etmək istəyirəm.

2013-cü ildə keçirdiyim geniş infarktdan sonra Almaniyada iki açıq ürək əməliyyatına məruz qaldığımı hər kəs bilir. O dövrdən başlayaraq mən hər il iki dəfə ya Berlində, ya da İstanbulda yoxlamadan keçirəm. İstanbulda mənim həkimim Siyami Ersek ürək-damar xəstəlikləri dövlət xəstəxanasının kardiologiya şöbəsinin dosenti Yalçın Velibeydir. Davamlı olaraq 7 ildir ki, mən onun yanına gəlirəm, əgər o tövsiyyə edirsə başqa klinikalardakı digər mütəxəssislərə də baş çəkirəm. Bu dəfə də mən vəziyyətimlə bağlı bu klinikaya gəlmişəm, bir həftə boyu hər gün kardioloji yoxlamada olmuşam, axşamlar klinikanın mövcud vəziyyətini də nəzəra alaraq, yaxınındakı hoteldə gecələmişəm. Sonrakı müalicəm və daha hansı klinikada ürək klapanı üzrə mütəxəssis professorla görüşməyim və s. haqqında danışmağı artıq hesab edirəm.
Hazırda Abu-Dabidəki Klivlend xəstəxanasına getmək üçün bəlli zamanı gözləyirəm. Bütün bunlar haqqında mən mütəmadi olaraq müvafiq kanallarla ölkə başçısına da məlumat vermişəm.

Beləliklə, qoy məni tanıyan və haqqımda müfəssəl məlumat almaq istəyən vətəndaşlarımız Azərbaycandakı bu yalan makinalarına inanmasınlar".

Əli həsənov daha sonra müayinə və müalicə sənədlərini də yayıb.