DSX-nın səriştəsizliyini ört-basdır etməyə uğursuz cəhd

DSX-nın səriştəsizliyini ört-basdır etməyə uğursuz cəhd

Azərbaycanda səhvə yol verən, uğursuzluğa düçar olan şəxslərin öz günahını başqasının üstünə atması geniş yayılmış təcrübədir desək, yanılmarıq. Elə Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisindən keçən hissəsində baş verən son hadisələr, verdiyimiz itkilərlə bağlı da bunun şahidi oluruq.

Bəs əslində nə baş verib? Məlum olduğu kimi 2018-ci ilin yayında Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postları və müvafiq hərbi obyektlər Dövlət Sərhəd Xidməti tərəfindən təhvil alınıb. Həmin dövrə qədər cəbhənin bu istiqamətində də Azərbaycan Ordusunun əsgər və zabitləri xidmət aparıb. Yuxarıda qeyd etdiyimiz dövrdə müvafiq qərarla postlara DSX-nın şəxsi heyəti yerləşdirilib. Bundan sonra Xidmət düşmənlə üzbəüz postlarda bir sıra fəaliyyətlər həyata keçirib, bu barədə yazılıb, danışılıb, yaxşı işlər təqdir olunub.

Son zamanlar isə həmin istiqamətdə bir neçə şəhid vermişik, yaralanan da var. Elə bu məqamda bəzi “ekspertlər” ortaya atılıb, qollarını çırmayaraq diqqəti əsas məsələdən yayındırmaq üçün dəridən-qabıqdan çıxırlar. Yağışdan sonra göbələk kimi çoxalan bu “hərb elminin bələdçiləri” ya sifarişlə, ya da bilməyərəkdən, savadsızlıqdan dövlətin bel sütununu təşkil edən iki mühüm qurumunu Müdafiə Nazirliyi ilə DSX-nı üz-üzə qoyurlar, düşmən edirlər. Həmin şəxslər nədənsə əsas məsələnin analizindən uzaqlaşaraq və vəziyyətin yaxşılaşdırılması üçün çıxış yolunu təklif etmək əvəzinə, günahkar axtarışı ilə məşğuldurlar. Hətta, bu hadisələrlə heç bir əlaqəsi olmayan qurumlarda belə! Təbii ki, haqsız yerə. Onların bu əsassız, uydurma rəyləri etiraz doğurur, narazılıq yaradır. Bu da dövlət qurumlarının arasında gərginliyin yaranmasına səbəb olur.

Həmin “hərbi ekspertlər”in bu “xidmətləri” Ermənistan kimi düşməni olan, ərazi bütövlüyü pozulmuş bir ölkəyə lazım deyil. Çünki ermənilər bütün bunları izləyərək, ondan bəhrələnməyə cəhd edirlər. Azərbaycanda böyükdən kiçiyə, hərbçidən mülki şəxsə, sərhədçidən diplomata, vəzifəlidən fəhləyə qədər hamının bir düşməni var – bu da işğalçı Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimdir. Ona görə də hər birimizin məqsədi də düşmənə layiq cavab vermək və öz doğma torpağımızı azad etmək olmalıdır, nəyinki dövlət qurumları arasında düşmənçilik yaratmaq.

Həmin “ekspertlər” əsassız, reallıqdan uzaq şərhlər vermək əvəzinə məsələnin mahiyyətinə baxmalı və günahkarların axtarışı əvəzinə əsaslı təkliflərlə çıxış etməlidirlər. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, Qazax istiqamətində itkilər verilib. Bunun təkrar olunmaması üçün birmənalı olaraq, təxirəsalınmaz tədbirlər görülməli, təcili addımlar atılmalıdır.

Bu addımların biri də həmin bölmələrin idarə heyətində yerdəyişmənin aparılması, təşkilatçılıq məsələlərinin nəzərdən keçirilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi sahəsində zəruri işlərin aparılması kimi fəaliyyət ola bilər. Amma edilirmi? Xeyir. Əskinə, kimlərəsə köhnə palan içi tökmək sərf edir.

İstənilən itki ilk növbədə itki vermiş bölmənin və onun rəhbərliyinin uğursuzluğudur. Əlbəttə, obyektiv və subyektiv səbəblər nəzərə almaqla! Gəlin, Qazax və Ağstafa istiqamətində yerləşən postlarda fəaliyyəti analiz edək.

Əvvəla, orada xidmət aparan heyətin geyim forması: şəxsi heyətin geydiyi kamuflyaj döyüş növbətçiliyinə yararlıdırmı? Döyüş postunda dayanan əsgərlər, orada xidmət edən zabitlər açıq göy rəngli forma geyinirlər. Bu da nə ərazinin relyefinə, nə də döyüş şəraitinə uyğundur. Əsgər və zabitlərin göy rəngli geyimlə döyüş postlarına çıxarılması nə dərəcədə uyğundur? Bu onları düşmən gülləsinin qabağına qoymaq kimi bir şey deyilmi? Düşmənə açıq və asan hədəf göstərmək deyilmi?


İkinci məsələ – səngərlərin, atəş nöqtələrinin düzgün qurulması, döyüş tapşırıqlarının müvafiq normativlərə uyğunluğu. Müharibələrin təcrübəsi göstərir ki, bu amillər istənilən orduda itkilərin verilməsinin məhz əsas səbəblərindən biridir. Təbii ki, ön xətdə olan döyüş postları normativ və standartlara uyğun qurulmalı və təchiz edilməlidir ki, şəxsi heyətin təhlükəsizliyi mümkün qədər çox təmin olunsun.

Üçüncü məsələ – bu ərazidə xidmət aparan zabit, gizir və çavuşların, bütün səviyyəli komandirlərin təcrübəsidir. Hadisələr onu göstərir ki, sadalanan heyətin təcrübəsi yetərli qədər deyil. Bunun da obyektiv səbəbi var: zabitlərin əksəriyyəti DSX məktəbini və akademiyasını bitiriblər, yəni sırf sərhədçi kimi yetişiblər. Bildiyiniz kimi, sərhədçi olmaq, ümumqoşun zabitlərdən tamamilə fərqli bilik, bacarıq və vərdişlər tələb edir. Lakin, əfsuslar olsun ki, həmin zabitlərin ümumqoşun təcrübəsi azdır. Nəzərə almaq lazımdır ki, bu ərazilərdə onların qarşısında hazırlıqlı və təxribat xarakterli fəaliyyəti həyata keçirmək üçün yetişdirilmiş düşmən dayanır. Birmənalı şəkildə, Qazax və Ağstafadakı postlarda ümumqoşun təcrübəsi olan zabitlər xidmət etməli və bu məsələlər barədə danışılmalı, gündəmə çıxarılmalıdır.

Təşkilati məsələlərlə yanaşı, bütün hadisələr DSX-nın mütəxəssisləri və zərurət yaransa Hərbi Prokurorluq tərəfindən dərhal araşdırılmalı, itkilərin səbəbləri üzə çıxarılmalı, günahkarlar məsuliyyətə cəlb edilməli və bu barədə ictimaiyyətə ətraflı məlumat verilməlidir. Hamı bilməlidir ki, bu itkilərin səbəbi nədir, günahkarları kimlərdir.

Keçmişə nəzər salsaq, DSX-nın bir sıra hallarda heç döyüş getməyən sərhəddə də problemləri olmuşdur. Məsələn, ötən ilin yayında Azərbaycan-Gürcüstan sərhədinin Keşikçi dağ hissəsindən keçən ərazilərdə baş verənlər, Azərbaycan sərhədçisinin silahının əlindən alınması, təhqir olunması buna bariz nümunədir. Soruşmağa dəyər: kimin günahı ucbatından sərhədçi orada çıxılmaz duruma düşmüşdü? Araşdırma aparılıb? Nəticə çıxarılıb?

Nəticədə də demək istəyərdim ki, açıq mənbələrdən alınmış rəqəmlərə əsasən bir il ərzində Azərbaycan Ordusu cəbhə xəttində təxmini 6 itki verib, Ermənistan isə 49-dan çox. Bu statistikaya baxsaq, qarşı tərəfin bizim hər bir şəhidimizə səkkizə yaxın itki verdiyini görürük. Bəlkə, DSX Müdafiə Nazirliyinin təcrübəsindən yararlansın? Vahid Silahlı Qüvvələrin ən iri silahlı qurumu olan və Vətənimizin müdafiəsini və mühafizəsini təmin edən qurumlar arasında qarşılıqlı əməkdaşlıq həmişə təqdirəlayiqdir.

Təklif edərdim ki, həmin “hərbi ekspertlər” bu barədə obyektiv danışsın, bütün faktlara olduğu kimi qiymət versin ki, itkilərin verilməsi səbəbləri araşdırılsın və günahkarlar ictimai müzakirəyə çıxarılsın.

Ramiz Cəfərov
Aztoday.Az