10 gündür aclıq edən Tofiq Yaqublu müayinə olundu: "O, aksiyanı davam etdirəcəyini dedi"

10 gündür aclıq edən Tofiq Yaqublu müayinə olundu:

Həkim Adil Qeybullanın Bakı İstintaq Təcridxanasında Tofiq Yaqublunu müayinə etməsinə şərait yaradılıb.

Mia.az bildirir ki, A.Qeybullanın APA-ya verdiyi məlumata görə, T.Yaqublunun ailəsinin müraciəti əsasında onun tərəfindən həbsxanada müayinə edilməsinə icazə verilib:

"Tofiq Yaqublunu ümumi müayinə etdik, sanitar-tibbi hissənin həkimləri də orada idi. Əlbəttə, mən həkim kimi onun aclıq aksiyasını dayandırmasını təklif etdim.  Lakin o, aksiyasını  davam etdirəcəyini bildirdi. Biz ona venadaxili infuziya etdik, bəzi vitaminlər köçürdük, ilk tibbi yardım göstərdik. Huşu yerindədir, bizimlə danışdı, ona bəzi zəruri tibbi məsləhətlər də verdim".

***

Penitensiar Xidmət professor Adil Qeybullanın həbsdə olan müsavatçı Tofiq Yaqublu ilə görüşməsinə, onu müayinə etməsinə icazə verib.

Bu Barədə vəkil Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, görüş bu gün saat 17:00-da olacaq.

Qeyd edək ki, T.Yaqublu artıq 10 gündür aclıq etdiyini açıqlayıb.

Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Hökmdən apelyasiya şikayəti verilib/Report.